KLASSİK AVRASİYAÇILIQ VƏ YENİ AVRASİYAÇILIQ İDEOLOGİYASI
Primary tabs
Historiam nescire hoc est semper puerum esse. (Tarixi bilməmək- həmişə körpə qalmaq deməkdir) Siseron.
Klassik Avrasiyaçılıq 1917-ci ildə baş vermiş Böyük Oktyabr Sosialist inqilabından sonra Rusiyadan xaricə köçməyə məcbur qalan mühacirlər tərəfindən yaradılmış ideoloji nəzəriyyə və ictimai-siyasi hərəkatıdır. Bu nəzəriyyənin tərəfdarları zəngin tarixə malik olan rus mədəniyyətinin Avropa mədəniyyəti olmağını təkzib edirlər. Daha şox humanitar elmlərə üstünlük verən bu axının nümayəndələri rus mədəniyyətinin Qərb və Şərq mədəniyyətlərinin bir sıra müsbət xüsusiyyətlərinin özündə birləşdirdirilməsi fikirini önə sürürdülər.
“XX əsrin əvvəllərində beynəlxalq münasibətlərdə baş verən hadisələr nəticəsində Qərbin liberal dəyərlərinin dünyaya yayılmağa başlaması rus mühafizəkarları tərəfindən özlərinə qarşı bir təhdid olaraq görülməyə başlandı. Onlar qərb mədəniyyətini mənimsəyəcəkləri təqdirdə öz mədəniyyətlərini itirəcəklərini düşünürdülər. Avropaya inteqrasiyanın artımı ilə rus mühafizəkarları yeni alternativ bir axını Avrasiyaçılığı yaratdılar. Lakin, bu axın müxtəlif zamanlarda özünəməxsus funksiyalar daşıdığından tarixi baxımdan iki hissəyə Klassik Avrasiyaçılıq və Neoavrasiyaçılığa bölünür”/ (http://finetv.info/kose/846-kechmish-dovrlerden-gunumuze-avrasiyachiliq-...)
1921-1929-cu illərdə formalaşmış klassik Avrasiyaçılığın qurucuları içərisində Nikolay Sergeyeviç Trubetskoyun (1890-1938), Roman Osipoviç Yakobsonun (1896-1982), Pyotr Nikolayeviç Savitskini (1895-1968), Pyotr Petroviç Suvuçinskiy (1892-1985), Georgi Vasiliyeviç Florovskini (1893-1979), G.V.Vernadskiy (1877-1973), Nikolay Nikolayeviç Alekseyevin (1879-1964), Vladmir Nikolayeviç İlyinin (1890-1974) və başqalarının adını çəkmək olar. Bu nəzəriyyənin tərəfdarları öz ideyalarının doğruluğunu isbat etməkdən ötrü etnoqrafik, siyasi, hüquqi, mədəni-tarixi, coğrafi, filoloji, incəsənət və başqa sahələrə müraciət edirdilər. Avrasiyaçılığın nümayəndələri öz fikir və mülahizələrini, analiz və ümumiləşdirmələrini əsasən humanitar elmlər üzərində qururdu. 1920-ci illərdə siyasi hərəkat meydana gələn Avrasiyaçılar vahid “Avrasiya evi”nin yaradılmasının zəruri olmasını xüsusi vurğulayırdılar. Vahid “Avrasiya evi”nin mövcud olması isə slavyan və türk xalqlarının ortaq dəyərlər üzərində birləşməsi sayəsində bərqərar olacaqdı.
Əslində Rusiyada Avrasiyaçılıq ideyasının ilk rüşeymlərinin meydana gəlməsi XVIII əsrin əvvəllərinə qədər gedib çıxır. Hələ 1722-ci ildə Çar I Pyotr Rusiyanın maraqları üçün mümkün olduğu qədər İstanbul və Hindistana yanaşmanın zəruri olmasını vurğulayırdı. Avrasiyaçılıq nəzəriyyəsinin formalaşmasında məşhur rus sosioloqu Nikolay Yakovleviç Danilevskin (1822-1885) rolunu da unutmaq olmaz. XIX əsrdə Danilevski “Rusiya və Avropa” kitabında yazırdı: “Günəş sistemində planetlərlə bərabər zaman-zaman ortaya çıxan və sonra da kosmik məkanda itib-batan kometalar olduğu kimi, bəşəriyyət tarixində də müsbət yönlü mədəni tiplər və ya müstəqil sivilizasiyalardan əlavə müvəqqəti ortaya çıxan və öz həmyaşıdlarına əsaslı təsir göstərən fenomenlər mövcuddur. Bunlar hunlar, monqollar, türklər kimi öz dağıdıcı yürüşləri ilə ölümlə mübarizə aparan sivilizasiyaların qalıqlarını məhv edərək heç nədən yarandıqları kimi də sakitcə tarix səhnəsində gizlənirlər. Onları insan cəmiyyətinin mənfi üzvləri adlandırmaq olar” (Данилевский Николай Яковлевич, "Россия и Европа. Взгляд на культурные и политические отношения Славянского мира к Германо-Романскому").
Avropa ilə Asiya birləşdirilməsi nəticəsində meydana gələn Avrasiya materiki tarix boyu müxtəlif adlarla adlandırılmışdır. Məşhur alman alimi Aleksandr fon Humboldt Avropa və Asiya qitəsini eyni materikdə yerləşməsi nöqteyi-nəzərindən vahid bir ad altında adlandırılması ideyasını önə sürürdü. Karl Qustav Royşlenin 1858-ci ildə qələmə aldığı “Handbuch der Geographie” əsərində “elerdtheil Asien-Europa” deyə bəhs etmişdir. Bu materikin “Avrasiya” adlandırılması isə Eduard Züssadın ilə bağlıdır, Züssad 1883-cü ildə dünyada ilk dəfə olaraq bu materiki ifadə etmək üçün “Avrasiya” termini işlədib. Rusiyada isə ilk dəfə “Avrasiya” terminindən istifadə edən tarixçi və coğrafiyaçı Vladimir İvanoviç Lamanski (1833-1914) olmuşdur. “Avrasiya məkanında bugünkü mədəni həyat mürəkkəb və ziddiyyətlidir. Bir tərəfdən, sonuncu onilliklər xalq yaradıcılığının intibahı, mədəni təşəbbüslərin spektrinin genişlənməsi ilə xarakterizə olunur. Xalqın şüuru azad edilir, mədəni təcrid hissi yox olur, milli yaddaşa ədalətsiz unudulan bir çox dəyərlər qayıdır. Digər tərəfdən, bir çox alimlər, o cümlədən keçmiş SSRİ-də mövcud ictimai-siyasi və mənəvi quruluşun dağıdılması, bir çox nəsillər ərzində yaranmış dəyərli meyillərin kəskin dəyişməsi nəticəsində sosial-mədəni sahədə mənfi tendensiyalar və proseslər üzə çıxır. Bazar ideologiyasının yayılması şəraitində mədəniyyətlərin milli ruhunun itirilməsi, onların vesternizasiyası təhlükəsi artır. Cəmiyyətdə özünü aqressiv möhkəmlədən istehlakçılıq və mənfəət psixologiyası insan varlığının mənasını “istehlak maşını”na gətirib çıxararaq onu adiləşdirir, mədəni varislik mexanizmini zəiflədir və dağıdır, mədəniyyətin keçmişdən indiyə və gələcəyə təbii keçməsinə maneçilik törədir. Bazar ideologiyası Avrasiya məkanının mədəniləşmiş birlik illüziyasını yaradaraq, reallıqda Avrasiya xalqlarının mənəvi unikallığını yuyub aparır və milli mədəniyyətlərin konstruktiv dialoqunu təcrid edir. Təəssüf ki, bəzən dövlət mədəni siyasətində də kütləvi kommersiya mədəniyyətinin inkişafına xüsusi diqqət yetirilir ki, buna da demokratik ictimai quruluşun və bazar iqtisadiyyatının, vətəndaş cəmiyyəti və hüquqi dövlətin əsasının zəruri komponenti kimi baxılır.” (Məmmədova R. "Avrasiya məkanında milli mədəniyyətlərin müqayisəli öyrənilməsinin metodologiyası").
1921-ci ildə Bolqarıstana köçmüş rus mühacirləri “Avrasiya” terminindən siyasi-ideoloji nəzəriyyə kimi istifadə etməyə başladılar. Avrasiyaçılıq nəzəriyyəsinin meydana gəlməsində böyük rolu olan knyaz N.S.Trubetskoy 1925-ci ildə Rusiyanın Kiyev Rus Dövlətinin deyil, Monqol imperiyasının varisi olması ideyasını önə sürdü. Avrasiyaçılar öz siyasi ideologiyasını yaymaq üçün xaricdə mütəmadi olaraq toplu nəşr etdirməyə başladılar.
Heб şübhəsiz ki, Avrasiyaçılığın Rusiyada yaranması sahəsində ilk çalışma N.S.Trubetskoyun 1920-ci ildə qələmə aldığı “Avropa və bəşəriyyət” ("Европа и человечество") adlı əsəridir. N.S.Trubetskoy bu əsərində digər xalqlar tərəfindən Avropa mədəniyyətinin tamamilə mənimsənilməsi prosesinin qeyri-mümkün olacağı qənaətinə gəlir və Avropa mədəniyyətinə inteqrasiya etməyin heç də tərəqqi olmadığını bildirir. Avropasentirzimin sadəcə eqoist istəklərdən gəldiyini xüsusi vurğulayan Trubetskoy eyni zamanda, Avropa mədəniyyətinin meyar olmasına da inanmırdı.
Avrasiyaçıların birlikdə meydana gətirdiyi ilk toplu çalışma isə 1921-ci ildə "Şərqə Doğru" ("Исход к Востоку") adı altında Sofiyada çap olundu. Bu toplunun ərsəyə gəlməsində böyük rol oynayan N.S. Trubetskoy, P.N.Savitski, G.V.Florovski və P.P. Suvçinski Roman-German dünyasına qarşı çıxış edirdilər. Bununla yanaşı Avrasiyaçılar "Avrasiya" toplusunu da nəşr etdirirlər. Avrasiyaçılar bunun ardınca öz dövri-mətbuatını 1926-cı ildən etibarən Parisdə çıxartmağa başladılar. Həmçinin hərəkatın əsas liderlərindən biri olan Nikolay Turbvetskoy 1926-cı ildə "Avrasiyaçılığın Manifesti"ni də Parisdə çap etdirir.
Avrasiyaçılıq təşkilatı 1925-ci ildən eribarən rəsmi şəkil fəaliyyətə başlayır. Avrasiyaçılıq partiyasının Mərkəzi Komitəsini yaratmaq niyyəti ilə Berlində qurultay təşkil olunur. Avrasiyaçılıq hərəkatının nümayəndələri həmçinin Parisdə, Varşavada və Praqada da fəaliyyət göstərirlər. Təşkilatın nümayəndələri öz fəaliyyət dairəsini genişləndirmək üçün mühazirələr, seminarlar keçirdir və kitabçalar yayırdılar.
Keçən əsrin 30-cu illərində Avrasiyaçılıq hərəkatının daxilində solçuluq və sağçılıq meylərin ucbatından parçalanma baş verir. Solçu Avrasyaçılar öz hərəkatın əsas mahiyyətini unudaraq tezliklə Moskvaya tabe olurlar, sağçı Avrasyaçılar isə məsələlərlə daha dar şərçivədən yanaşmağa başlayır və nəticədə onlar real siyasətdən uzaqlaşırlar.
Ümumiyyətlə, Avrasiyaçılıq nəzəriyyəsinin geosiyasi konsepsiyasına görə Rusiya nə Şərq, nə də ki Qərbdir. Etno-mədəni nöqteyi-nəzərdən Rusiya mədəniyyəti özünəməxsus bir mədəniyyətdir. “Əsasən rus fikir adamlarının ortaya atdığı bu ideya Türk dünyası ilə slavyan xalqlarının vahid etno-mədəni orqanizm olaraq birləşməsini və Qərbə qarşı real güc olaraq ortaya çıxmasını özündə təcəssüm etdirməkdə idi. Sovet dönəmində isə Avrasiyaçılıq- Rusiyanın ABŞ-a qarşı Avropa və Asiyada duruş gətirə bilmək ideologiyasına çevrildi”. (http://ziferoglu.blogspot.com/ 2014/06/rusiyanin geosiyasi demarsi avrasiya.html)
Avropalaşmaya alternativ bir şəkildə meydana gələn Avrasiyaçılıq hərəkatı SSRİ parçalandıqdan sonra yenidən gündəmə gəldi. Avrasiyaçılıq hərəkatının möhkəmlənməsində məşhur tarixçi alim, etnoqraf Lev Nikolayeviç Qumilyovun (1912-1992) da xüsusi xidmətləri olmuşdur. Lev Nikolayeviç Gumilev "Hunların Tarixi” (1960), “Qədim türklər” (1967), “Çindəki hunlar” (1974), "Yerin etnogenezi və biosferi” (1979), "Qədim Rusiya və Böyük Çöl (1989), "Qədim ruslardan Rusiyaya" (1992) adlı əsərlərin müəllifidir. Bütün bunlarla yanaşı Qumilyov “Avrasiya ritmləri” adlı əsərin üzərində çalışsa da, ömür vəfa etmədiyindən sonuncu əsəri yarımşıq qalmışdır. Qumilyova görə Rusiyanın xilas olması yalnız Avrasiyaçılıq sayəsində mümkün olacaqdır. 2009-cu ildən Moskvada Lev Qumilyov Avrasiya Mərkəzi fəaliyyət göstərir.
Yeni Avrasyaçılıq ideologiyası 80-ci illərdə yaranmağa başladı. Bu ideologiyanıın meydana gəlməsində Lev Qumilyovun böyük rolu olmuşdir. Müasir dövrdə də Rusiya dövlətinin xarici siyasəti içərisində Avrasiyaçılıq ideologiyası ən mühüm yerlərdən birini təşkil edir. Bu gün Aleksandr Qelyeviç Duqinin (1962) liderliyində yaranan Yeni Avrasyaçılıq ideologiyası öz ideya mənbəyini Klassik Avrasyaçılardan götürmüşdür. Klassik Avrasyaçılıqla Yeni Avrasyaçılıq ideologiyası arasında əslində həm oxşar və həm də fərqli cəhətləri mövcuddur. Avrasıyaçılığı özünəməxsus şəkildə təhlil edən Duqin Qumlyovun Avrasiyaçılığından aşağıdakı nəticələri əldə edir:
“1. Avrasiya bütün cəhətləri ilə, etnogenez və mədəniyyət daşıyıcısı olmaq anlamında xüsusi "yaşam yeri" idi. Və bu da o demək idi ki, dünyaya baxış anlamında atlantistlərin təşkil etdiyi "qərb və başqaları" tezisi təkzib olunur, dünyanın çoxqütblülüyü təsdiq olunur və qütblərdən birinin əsasını Avrasiya sivilizasiyası təşkil edir.
2. Meşə ilə çölün gesiyasi sintezi nəticəsində belə bir qərara gəlinir ki, böyük rus dövlətçiliyi və onun real mədəni strateji nəzarət mexanizmləri ona Asiya və Şərqi Avropa üzərində nəzarət etmək imkanı verir. Bu da Qərblə Şərq arasında tarazlığı qoruyub saxlamağa imkan verir.
3. Qərb sivilzasiyası özünün sonuncu etnogenez mərhələsindədir və ximerik etnosların etdiyi bölgədır. Deməli, Qərbdəki inkişaf mərkəzi tədricən gənc etnoslara, o cümlədən Avrasiyaya keçməlidir.
4. Mümkündür ki, yaxın zamanlarda heç kimin gozləmədiyi və planlaşdırmadığı passionar təkanlar vasitəsilə planetın siyasi və modern xəritəsi dəyişəcək və hazırkı dominant etnoslar sıradan çıxacaqlar.” (А.Дугин. Консервативная революция. Москва, Арктогея, 1994. s.67-68)
Bəzi tədqiqatçılar yeni avrasiyaçılardan müasir avrasiyaçılar deyə bəhs edirlər. Yeni avrasiyaçılar içərisində A. Ryazonovskinin, A. Yanovun, M. Vassininin, Z. Bjezinskinin, R.F. Turovskinin də adını qeyd etmək yerinə düşərdi. 1990-cı illərdən “Den” və “Elementı” kimi dövri mətbuatda da çıxış edən Avrasiyaçılar son dövrlərdə Rusiyada olduqca populyarlaşmışlar. Bu ideologiyanın tərəfdarları 2001-ci ildə “Avrasiya” adlı ümümrus hərəkatın yaranmasında da birbaşa rol oynamışlar.
Duqinin irəli sürdüyü Avrasiyaçılıq nəzəriyyəsi aşağıdakı xarakterik xüsusiyyətləri ilə fərqlənir:
“Birincisi, ideokratiyadır. O hesab edir ki, Avrasiyanın her bir vətəndaşı və һər bir dövləti ali ideyalara qulluq etmək üçün avrasiyaçılığı özünün ali mənəvi missiyasına çevirməli va yüksək ideyalarla yaşamalıdır.
İkincisi, avrasiyaçılıq hərəkatı Avrasiya seçimi deyilən bir һәrәkat formalaşdırmalıdır. Bu Avrasiyanm xüsusi landşaft şəraitindən irəli gələrək bölgə əhalisi üçün seçiimiş kollektiv məsuliyyət, qarşılıqlı yardım, güclü iradə, dözüm, rəhbərliyə güclü tabeçilik və digər keyfiyyətləri özündə daşımalıdır.
Üçüncüsü, şərt kimi avrasiyaçılığın hüquqi platformasının əsasına "demotiya" adlı bir anlayış təklif edir. Bu qədim yunan, ingilis demokratiyasından fərqli, yeni bir demokratik norma olmalıdır. O nə Avropanın indiki liberal dcmokratiyasına, nə də Rusiyanın keçmiş kəndli özünüidarəetməsinə, yaxud "zema-soborlarının" idarəçiliyinə bənzəməlidir. Bu, özünəməxsus Avrasiya avtoritarizminə və ierarxiyalı idarəçilik rejiminə əsaslanmalıdır.” (Ə. Həsənov, "Geosiyasət". Bakı, 2010. səh.216)
Yeni Avrasyacılar Qərb dünyasının Rusiya üçün bir təhdid olduğunu bildirir, rus mədəniyyətinin nə Şərq, nə də Qərb mədəniyyətinə aid olmasını israr edir, bununla yanaşı rus mədəniyyətində həm Şərq və həm də Qərb mədəniyyətinin elementləri olduğunu vurğulayırlar.