Azərbaycan müharibədə qalib gəldi, Paşinyan və “erməni formasında” ultra millətçilik məğlub oldu - MÜSAHİBƏ
Primary tabs
“Qarabağla bağlı tarixi razılaşma çox vacib bir hadisədir. Vəziyyət 30 ildir dəyişmirdi. Etnik təmizləmə aparılıb, azərbaycanlılar qovulub. Bəli, vəziyyət bu və ya digər şəkildə dəyişdirilməyə çalışılıb, Rusiya, Azərbaycan və Ermənistan Serj Sarqsyanın hakimiyyətinin son illərində müəyyən qərarlar qəbul edib. Ancaq sonra Nikol Paşinyan hakimiyyətə gəldi və bütün razılaşmalar ləğv edildi”.
Bunu Media.Az-a müsahibəsində rusiyalı filosof və publisist, siyasi elmlər doktoru, Beynəlxalq Avrasiya Hərəkatının lideri Aleksandr Duqin bildirib.
Müsahibin sözlərinə görə, Nikol Paşinyan Moskvaya qarşı hörmətsiz münasibət göstərib, Rusiyaya qarşı müttəfiqlik öhdəliklərinə məhəl qoymadığını nümayiş edib:
“Bütün bunlar, Qarabağla bağlı razılaşmaların rədd edilməsi ilə bərabər hərbi fəaliyyətlərin başlanmasına səbəb oldu. Azərbaycanın münaqişəni həll etmək üçün sadəcə başqa yolu yox idi. Bu məcburi bir qərar idi və indi müharibənin bitdiyini görürük.
Azərbaycan bütün dünyanın tanıdığı ərazilərinin üzərində nəzarəti bərpa edərək qalib gəldi!”
“Qarabağın əsas mərkəzi Şuşa hərbi yolla alındı. Deyirlər ki, Şuşaya nəzarət edən bütün Qarabağı idarə edir. Şuşa şəhərinin götürülməsi Azərbaycanın qəti və tam qələbəsini əvvəlcədən müəyyənləşdirdi. Ancaq erməni tərəfi danışıqlara girsə idi, daha yumşaq, qənaətcil bir seçim əldə edə bilərdi”, - deyə o bildirib.
- Belə çıxır ki, İrəvan geri addım atmamağın mümkün nəticələrini hesablamayıb?
- Nikol Paşinyan Ermənistanın Rusiyanın müttəfiqi olmadığını göstərmək üçün əlindən gələni etdi. Öz növbəsində, Azərbaycan Prezidenti İlham Əliyev də Moskva ilə müttəfiq münasibətlərini nümayiş etdirdi. Və bu, Rusiya Federasiyasının münaqişəyə müdaxilə etməməsini əvvəlcədən müəyyənləşdirdi. Hamı başa düşməlidir ki, Moskva hərbi ssenaridən yayınmağa çalışdı, amma bu qaçılmaz idi. Vladimir Putin Azərbaycanın ərazi bütövlüyünün hərbi yolla bərpası faktı ilə razılaşıb.
Azərbaycan müharibədə qalib gəldi, şəxsən Nikol Paşinyan və “erməni formasında” ultra millətçilik isə məğlub oldu. Hələ də ermənilərin lider olaraq Nikol Paşinyanı necə seçdiklərinə təəccüb edirəm. Və mən Azərbaycan Prezidenti İlham Əliyevin özünü nə qədər sakit və təmkinli apardığını da görürəm. Onlar arasında yerlə-göy qədər fərq var. Qələbəni, əlbəttə ki, güclü tərəf qazandı.
Onu da qeyd etmək istərdim ki, Qarabağın dinc sakinləri (erməni) Azərbaycan reallığına inteqrasiya olunacaq. Bu çox vacibdir. Mənə elə gəlir ki, Rusiya sülhməramlıları buna töhfə verəcəklər. Qarabağ Azərbaycanın nəzarətindədir və bu bir həqiqətdir.
Azərbaycan həm hərbi, həm də siyasi baxımdan üstünlüyünü göstərdi. İndi isə həm də mənəvi üstünlüyü göstərmə vaxtıdır.
- Yeri gəlmişkən, Ermənistan müharibənin nəticəsi ilə barışmayıb. Etiraz aksiyaları davam edir. Bu nəyə gətirib çıxara bilər?
- Düşünürəm ki, Nikol Paşinyan devriləcək. Onun erməni xalqına verdiyi heç bir vəd yerinə yetirilmədi. Və təkrar edirəm, hələ də Paşinyanın ölkənin lideri seçilməsinin şüurlu izahını tapa bilmirəm. Paşinyan nə əldə etmək istəyirdi? Ermənistan müharibədə məğlub oldu və bu həqiqət Rusiya tərəfindən tanınır!
Müharibə bitdi, psixoloji cəhətdən erməni tərəfinin bunu qavraması çox çətindi. İnad etdilər, beş rayonu qaytarmaq istəmədilər, amma sonunda nə qazandılar? Bu tam bir uğursuzluqdur.
İndi Qarabağ Azərbaycandır. Başqa bir status olmayacaq. Qarabağdakı erməni əhalisi isə Azərbaycan hakimiyyətinin himayəsində olacaq. Qalib gələn, ərazi bütövlüyünü bərpa edən Azərbaycan əsas sülhməramlı olur. Bu, güclü bir xalqın sənət əsəridir!
- Ankara və Moskva bir-birləri ilə iltifat mübadiləsi edirlər, Qarabağla bağlı Türkiyə-Rusiya ortaq mərkəzi yaradılır. Münaqişələrin həlli üçün regional formata gəldiyimizi deyə bilərikmi? Vaşinqton Qarabağ haqqında nə bilir, Avropalı oyunçuların vəziyyət barədə real təsəvvürü nədir?
- Tamamilə haqlısınız! Biz məhz bunun üçün Qərb hegemonluğuna qarşı mübarizə aparırıq. Orta Şərq və Avrasiyadakı münaqişələr regional ölkələrin iştirakı ilə həll olunmalıdır. Qərb hər hansı bir şeyə təsir etmək üçün bütün mənəvi hüquqlarını itirdi, Qərb özü xaricində baş verən bütün proseslərdən kənarlaşdırılmalıdır. Qərbin təkəbbürü, həmçinin, Qarabağ hadisələri ilə də rüsvay oldu, tapdalandı.
Türkiyəyə gəlincə, bu ölkə son dərəcə adekvat davrandı. Eyni zamanda Rəcəb Tayyib Ərdoğan Azərbaycana tam dəstək göstərdi, ancaq heç vaxt Moskvanı qıcıqlandırmadı. Halbuki erməni təbliğatı Türkiyənin Cənubi Qafqaza gəldiyini, Rusiyanın isə getdiyini göstərməyə çalışırdı. Belə bir şey isə yox idi.
İki qardaş xalq - Türkiyə və Azərbaycan arasındakı münasibətlər Ankara və Bakının işidir. Və onlar nə Rusiyanın, nə də yeri gəlmişkən İranın antaqonistləri deyillər. Biz sülhdə, Qarabağ münaqişəsinin ədalətli həllində maraqlıyıq. Rusiya Avrasiya İqtisadi Birliyi və KTMT-dəki müttəfiqinə heç bir şəkildə təsir göstərə bilməyəcəyini anladıqda, Paşinyan isə tamamilə hörmətsiz davrandıqda, Qarabağ münaqişəsinin hərbi yolla həllinə razı oldu. Azərbaycan bunu öz gücünə etdi. Ankaranın dəstəyi yalnız siyasi idi və Rusiyanın maraqlarına zidd deyildi. Türkiyənin Qarabağ münaqişəsinin həllində iştirakı danılmazdır. Ancaq bu, Rusiyanın geostrateji maraqlarını pozmur.
Azərbaycana gəldikdə isə demək istəyirəm ki, bu İlham Əliyevin böyük qələbəsidir...