DUQİN YENİ AVRASİYAÇILIĞIN ƏSAS İDEOLUQU KİMİ

Müasir dövrdə Rusiyanın ən vacib ictimai xadimlərinindən biri sayılan filosof, politoloq, sosioloq və tərcüməçi Aleksandr Qelyeviç Duqin 7 yanvar 1962-ci ildə Moskva şəhərində anadan olmuşdur. Aleksandrın hüquq elmləri namizədi olan atası Qelium Aleksandroviç Duqin (1935-1998) SSRİ Silahlı qüvvələri Baş Qərargahının Baş Kəşfiyyat İdarəsinin (məşhur QRU) general-leytenantı olmuş və həmçinin Rusiya Gömrük Akademiyasında çalışmışdır. Tibb elmləri namizədi olan anası Qalina Viktorovna Duqin (Onufrienko) (1937-2000) isə həkim kimi fəaliyyət göstərmişdir.
Ali təhsil almaq məqsədilə 1979-ci ildə Moskva Aviasiya İnstitutuna daxil olan Aleksandr Duqin hazırda sosiologiya elmlər doktoru, siyasi elmlər doktoru, fəlsəfə elmləri namizədidir. 1980-ci illərin sonlarından başlayaraq Aleksandr Duqin irəli sürdüyü radikal yönümlü baxışları ilə diqqəti öz üzərində çəkməyə başlamışdır. 2008-2014-cü illər arasında M.V.Lomonosov adına Moskva Dövlət Universitetində professor kimi çalışan Duqin 2015-ci ildən etibarən “Çarqrad TV”də fəaliyyət göstərir. Duqinin tanınmış şagirdləri arasında xüsusilə Aleksey Yuryeviç Belyaev-Qintovt (1965), Vladimir İqoreviç Karpeç (1954-2017), Valeri Mixayloviç Korovin (1977) aktivliyi və fəallığı ilə seçilir.
Duqin 1990-cı ildə “Mütləqiyyət yolları”, 1993-cü ildə “Konspirologiya”, 1994-cü ildə “Hiperborey nəzəriyyəsi” və “Mühafizəkar inqilab”, 1996-cı ildə “Proletariatının məbədləri”, 1996-cı ildə “Avrasiya misteriyayası”, “Kilsə zənginin metafizikası”, 1997-ci ildə “Geosiyasətin əsasları” (rumın, serb, gürcü, fransız, italyan, ispan və ingilis dillərinə tərcümə edilib), 1999-cu ildə “Mütləq Ana Vətən” və “Yolumuz” kimi əsərləri qələmə almışdır. Duqin eyni zamanda “Avrasiyalığın əsasları” (2002),  ““Avrasiya” layihəsi” (2004), “Nursultan Nazarbayevin Avrasiya missiyası” (2004), “Siyasətin fəlsəfəsi” (2004), “Müharibə fəlsəfəsi” (2004), “Postmodern geosiyasət” (2007),  “Postfəlsəfə” (2009), “Radikal subyekt və onun dublu” (2009), “Dördüncü siyasi nəzəriyyə” (2009), “Geosiyasət” (2011), “Etnososiologiya” (2011), “Sosiologiyanın geosiyasi prosesləri” (2011), “Rusiya geosiyasəti” (2012), “Çoxqütblü dünya nəzəriyyəsi” (2012), “ABŞ və yeni dünya nizamı”  (2013), “Beynəlxalq münasibətlər. Paradiqmalar, nəzəriyyə, sosiologiya” (2014), “Dördüncü yol” (2014), “Martin Haydegger. Sonuncu Allah” (2014), “Rusiyanın Avrasiya revanşı” (2014), “Ukrayna: Mənim müharibəm. Geosiyasi gündəlik” (2015), “Xəyal. Fəlsəfə, sosiologiya, qurumlar” (2015 ), “Rus müharibəsi” (2015), “Çoxqütblü dünya nəzəriyyəsi” (2015), “Martin Haydegger. Metapolitika” (2016) və s. kimi kitabların və çoxsaylı məqalələrin müəllifidir.
Aleksandr Duqin 1990-cu ildən "Müqəddəs Mələk" adlı pravoslav almanaxı jurnalının, 1991-ci ildən bəri “Elementlər” jurnalının baş redaktoru olmuş, həmçinin bir sıra qəzetlərdə köşə yazarı kimi də fəaliyyət göstəmişdir. Duqin 1999-ci ildən bu yana Dumada strateji və geosiyasi məsələlərlə bağlı baş müşavirdir. 2001-ci ildən bəri Beynəlxalq Avrasiya Hərəkatının lideridir.
Avrasiyaçılıq nəzəriyyəsinin mədəniyyət baxımından ellin, Bizans, türk-tatar və rus submədəniyyətləri ilə xarakterizə olunması faktı bizə məlumdur. Ümumiyyətlə, SSRİ parçalandıqdan sonrakı dövrdə Rusiyada "Yeni Qərbçilik" və "Yeni Avrasiyaçılıq" kimi iki əsas cərəyan ortaya çıxdı. İki əsas cərəyanlar- "Yeni Avrasiyaçılıq" və "Yeni Qərbçilik" ideologiyası bir-birinə əks olan ideologoiyalar idi. "Yeni Avrasiyaçılıq" ideologiyasının formalaşmasında ilham mənbəyi kimi "Klassik Avrasiyaçılıq" ideologiyası mühüm rol oynadı.
Müasir dövrdə Avrasiya materikinin həm geostrateji, həm geosiyasi və həm də  geoiqtisadi önəminin artdığı bir dövrdə Avrasiya İttifaqının meydana gəlməsi olduqca mühüm bir mahiyyət kəsb edir. “Avrasiyanın geosiyasi xarakteristikası, dünya ölkələrinin bölgədə təmsil olunan və toqquşan maraqları, regional münasibətlərin vəziyyəti və inkişaf meyilləri, Rusiyanın geosiyasi maraqları, onun bölgə ölkələri ilə münasibətlərinin xarakteri və s. mövzuları klassik rus geosiyasətçilərindən tutmuş “köhnə” və “yeni Avrasiyaçılar” adlanan cərəyanların nümayəndələri də daxil olmaqla əksər rus alimləri öz əsərlərində geniş təhlil etmiş, çoxsaylı mülahizələr söyləmiş və Rusiyanı bölgədə öz maraqlarını fəal surətdə, müxtəlif yollarla və vasitələrlə təmin etməyə çağırmışlar.
Duqinin yaratdığı Yeni Avrasiyaçılıq ideologiyası Yeni Qərbçilik ideologiyasına qarşı idi. Atlantikaçılıq və ya islahatçılıq kimi də adlandırılan Yeni Qərbçilik ideologiyası Rusiya Federasiyasının ilk prezidenti olmuş Boris Yeltsin (1931-2007), Rusiyanın keçmiş baş naziri Yeqor Timuroviç Qaydar (1956-2009) və xarici işlər naziri Andrey Vladimoroviç Kozırev (1951) tərəfindən yaradılmışdı.
Müasir dövrdə Atlantikaçılıq və Yeni Avrasiaçılıq blokları arasında tərəddüd edən bir sıra ölkələr vardır, belə ölkələrə Qırğızıstanı misal göstərmək olar. "Yeni Avrasiyaçılıq" ideologiyasının akademik mərhələdə hazırlanmasında Aleksandr Qelyeviç Duqin (1962), İqor Nikolayeviç Panarin (1958), Eduard Aleksandroviç Baqramov (1930) və Rüstəm Rinatovuç Vaxitov (1970) böyük rol oynamışlar.
Duqinin müxtəlif sahələrə aid məqalə, kitab və tərcümələri dərc olunmuşdur. Tərcümələri içərisində tradisionalizm məktəbinin nümayəndələri olan Rene Genon, Yulis Evola, Qustav Mayrink kimi mütəfəkkirlərin kitab və məqalələri xüsusi yer tutur. Poliqlot kimi də tanınan Duqin doqquz dil bilir.
Duqin 1991-ci ildən başlayaraq Rusiyalı dövlət xadimi, Rusiya Federasiyası Kommunist Partiyasının sədri Genadiy Andreyeviç Züqanov ilə əlaqə yaradır. Duqin və Yeni Avrasiyaçılar bu dövrdən başlayaraq Yeni Avrasiyaçılığa aid mütəmadi olaraq konfranslar, simpoziyumlar, seminarlar, dəyirmi masa görüşləri və s. keçirirlər. 1993-cü ilə qədər aparılan kütləvi kompaniya nəticəsində Yeni Avrasiyaçılar öz ideyalarını beynəlxalq aləmdə qısa müddət ərzində tanıtmağa nail olurlar.
Duqinə görə, Rus xalqının əsas vəzifəsi dünyaya mədəniyyət yaymaqdır, Pravoslavlıq da bu mədəniyyətin müqəddəs dinidir. Bu nöqteyi-nəzərdən də Rusiyanın əsas məqsədi bütün dünyaya hökm etmək olmalıdır. Rusiyanın dünyaya hökm etmək iddiası zamanı ona qarşı çıxan əsas müxalif qüvvə ABŞ-dır. Rusiyanın bu yolda əsas mütəffiqləri isə İran, Almaniya, Yaponiya olmalıdır. Rusiyanın tarixi düşmənləri olan Çin və Türkiyə isə bölünməlidir.
Rusiya müasir dövrdə Çingiz xanın qurduğu böyük imperiyaının varisi kimi çıxış etməlidir. Bu imperiyanın tərkibində yaşayan bütün xalqlar, o cümlədən də rus və türk xalqları Avrasiya Birliyinin tərkibində yer almalıdır.
Duqinin irəli sürdüyü Avrasiyaçılıq ideologiyası təkcə Rusiya siyasətçilərinin və dövlət xadimlərinin deyil, Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin də ciddi marağına səbəb olmuşdur. "Millət Lideri" (Elbası) titulunun sahibi olan Nazarbayev Avrasiya Birliyi dediyi zaman əsasən Sovet İttifaqının yenidən dirçəldilməsi amilinə üstünlük verirdi. Vaxtilə Yeni Avrasiyaçılıq ideologiyası Rusiyada hakimiyyətdə olan Boris Yeltsinin Qərbçi dünyagörüşə qətiyyən uyğun gəlmirdi. Nazarbayevin gördüyü işlər həmin dövrdə Duqinin ideologiyasına böyük mənəvi dəstək oldu. Nazarbayev Avrasiyaçılıq ideologiyasını dəstəkləmək üçün öz ölkəsində tarixçi-etnoloq Qumilyov adına universitet də təsis etdi. Avrasiyaçılıq hərəkatının məşhur nümayəndələrindən olan Lev Nikolayeviç Qumilyovun (1912-1992) adını daşıyan Avrasiya Milli Universiteti 1996-cı ildə Qazaxıstanın Astana şəhərində yaradılmışdır. Bu ali təhsil məbədində Yeni Avrasiyaçılıq ideologiyası təbliğ olunur və universitetdə “Avrasiya” Humanitar Elmi Tədqiqatlar Mərkəzi geniş spektrdə fəaliyyət göstərir.
Keçən əsrin 80-ci illərinin sonlarından etibarən müəyyən səbəblərdən SSRİ-də xaos baş verdi. Məhz belə bir şəraitdə patriot və mühafizəkar mahiyyət kəsb edən "Yeni Avrasiyaçılıq" ideologiyası formalaşmağa başladı. Duqinin irəli sürdüyü ideologiya Rusiyada bir sıra həm sol meyilli, həm də sağ meyilli partiyalar tərəfindən yekdilliklə qəbul olundu. Qısa müddət ərzində Duqin tezisləri bu partiyalarının əsas şüarlarından birinə çevrildi. Bu ideologiyanı qəbul edən partiyalar içərisində Rusiya Fererasiyası Kommunist Partiyası, Rusiya Liberal Demokrat Partiyası, "Bizim Evimiz- Rusiya" Partiyasını misal çəkmək olar.
Avrasiya tarix boyu siyasi icmalçıların, dövlət xadimlərinin diqqət mərkəzində olmuş, önəmli geostrateji əhəmiyyət verilən bir materikdir. Avrasiya kontinentinin Hartlənd, yəni planetimizin orta məkanı adlandırılması heç də təsadüfi deyildir. "Quru Hakimiyyət Nəzəriyyəsi"nin banisi, ingilis coğrafiyaçısı və geosiyasətçisi Helfrod Con Makkinder (1861-1947) Avrasiyanı Hartlənd (Ürək sahəsi) adlandırırdı. O deyir: “Hartləndə sahib olan dövlət, yaxud dövlətlər birliyi bütün Avropaya, Avropaya sahib olanlar isə bütün dünyaya sahib olacaq”. Ümumiyyətlə, Avrasiyanın ümumi geosiyasi xarakteristikasını analiz edən tədqiqatçılar iki qitəni özündə ehtiva edən bu materiki dünyanın ən əhəmiyətli bölgələrindən biri hesab etmişlər. Keçmiş SSRİ isə Avrasiya kontinentinin ən mühüm bölgələrindən biridir.
Hər baxımdan Duqinin irəli sürdüyü Yeni Avrasıyaçılıq ideologiyası heç də birdən-birə və kortəbii bir şəkildə meydana çıxmamışdır. Duqin bu ideologiyanı ortalığa qoyarkən Slavyanofillərin və Avrasiyaçıların mütərəqqi fikirlərindən bəhrələnmiş, Slavyanofillərin və Avrasiyaçıların irəli sürdüyü ideyaları mənbə kimi dəyələndirmiş, Rusiyanın mühüm, strateji və zəruri ideoloji mənbələrindən ilhama gəlmişdir. Heç də təsadüfi deyil ki, Duqin öz işinə rus xalqının dini əqidəsinin, milli mənəvi dəyərlərinin və ənənələrinin formalaşması tarixini araşdırmaqla başlamışdır.
2000-ci ildə Vladimir Vladimiroviç Putinin hakimiyyətə gələrkən Duqinin irəli sürdüyü Yeni Avrasiyaçılıq ideologiyası artıq təkmilləşmə dövrünü başa vurmuşdu. Bəzi tədqiqatçıların ultramillətçi deyə adlandırdığı Duqin Yeni Avrasiaçılıq ideolgiyası ilə Putinin böyüki marağına səbəb oldu. Bu baxımdan da Putin Avrasiya Birliyinin bütün postsovet məkanında yerləşən respublikalarının üzünə açıq olması fikrini aydın şəkildə ifadə etdi.
Heç şübhəsiz ki, yuxarıda vurğulandığı kimi Avrasiya ittifaqının yaranması ideyası türk və slavyan xalqlarının birgə cəhdi sayəsində reallaşdırıla bilər. Həm keçən əsrin iyirminci illərində meydana gələn Klassik Avrasiyaçılıq ideologiyası və həmçinin müasir dövrdə də geniş yayılmış Yeni Avrasiyaçılıq ideologiyasının reallaşmasında əsas faktor kimi türk və slavyan xalqları iki güclü etnos kimi çıxış edə bilərlər. Bu baxımdan da Avrasiyanın müxtəlif etnosları, ictimai-sosial qrupları arasında vahid düşüncə tərzini formalaşdırılması prosesində Yeni Avrasiyaçılıq ideologiyası olduqca önəmli və mühüm bir mahiyyət kəsb edir.